UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

“Assist.az”ın məlumatına görə, 4 qarşılaşmadan yalnız birində qalib müəyyənləşməyib.
Turnirin favoritlərindən hesab olunan İngiltərə "Mançester Yunayted"i İspaniyada "Qranada"nı 2:0 hesabı ilə məğlub edib. Sükutu 11-ci dəqiqədə Markus Reşford pozub. Son nöqtəni isə 90-cı dəqiqədə Brunu Fernandeş qoyub.
İngiltərənin digər təmsilçisi "Arsenal" Londonda Çexiyanın "Slaviya" (Praqa) kollektivi ilə görüşüb. Topçular 86-cı dəqiqədə Nikolas Pepenin dəqiq zərbəsi ilə hesabda önə keçsələr də, əsas vaxta artırılan 4-cü dəqiqədə qonaqlar tarazlığı bərpa ediblər. Tomas Holes komandasını məğlubiyyətdən qurtarıb 1-1.
"Ayaks" Niderlandda İtaliya "Roma"sı ilə bacarmayıb. Baxmayaraq ki, görüşdə hesabı 39-cu dəqiqədə meydan sahiblərindən Devi Klassen açıb. Amma, fasilədən sonra yüksək əzmkarlıq nümayiş etdirən "canavarlar" 57-ci dəqiqədə Lorenzo Pelleqrininin, 87-ci dəqiqədə isə İbanyesin vurduğu qollarla səfərdə vacib qələbə qazanıb.
İspaniya "Vilyarreal"ı isə Xorvatiyada Zaqreb "Dinamo"sunu üstələyib. Matçın taleyini bir dəqiq zərbə həll edib. Qonaqlardan Jerar Moreno 44-cü dəqiqədə penalti imkanını boşa verməyib 1-0.