"Reno" Formula 1-dəki komandasını sata bilər

"Reno" Formula 1-dəki komandasını sata bilər

Son günlər Formula 1-də mövsümün startından daha çox komandalar daxilində yerdəyişmələr əsas müzakirə mövzusuna çevrilib. Üstləlik, “Reno”nun satılacağı ilə bağlı xəbərlər avtoidman dünyasında geniş əks-səda doğurub.


Qarşıdakı illərdə “Reno” Formula 1-də çıxışını dayandırmaq niyyətindədir. Daha doğrusu, fransalılar yarışda öz yerini başqa komandaya satmağı planlaşdırır. Bu məsələ ilə bağlı mayın 27-də Parisdə “Reno”, “Nissan” və “Mitsubişi” avtomobil şirkətləri birgə mətbuat konfransı təşkil edəcək.

Pandemiyaya görə, maliyyə böhranı yaşayan bu şirkətlər gələcək planları barədə ictimaiyyətə məlumat verəcəklər. Məhz orada “Reno”nun satılacağı elan ediləcək. Amma Avropa mətbuatının yazdığına görə, “Reno” Formula 1-də komanda ilə təmsil olunmasa da, çempionatın bolidləri üçün mühərrik istehsalını davam etdirəcək.


“Reno”dan söz düşmüşkən əlavə edək ki, “Mersedes” pilotu Valtteri Bottas növbəti mövsüm məhz bu komandaya keçə bilər. Almaniya mətbuatı yazır ki, artıq finlandiyalı pilotun agenti Didye Koton “Reno”nun rəhbəri Siril Abitebulla danışıqlar aparır.

Qeyd edək ki, Koton “Mersedes”in rəhbəri Toto Volffun biznes tərəfdaşlarından biridir. Görünür, Bottas Hemiltonla layiqincə rəqabət apara bilmədiyindən hər iki tərəf münasibətlərə son qoymağı qərara alıb. Toto Volff isə mətbuata açıqlamasında indiki mövsümün hələ startı verilməmiş gələn il üçün heyətlərini açıqlamayacaqlarını söyləyib. Deyilənə görə, “Daimler” şirkəti “Ferrari”dən ayrılacaq Sebastyan Fetteli komandaya cəlb etməyi Volffa tapşırmaq istəyir. Amma Lüis Hemiltonla birgə “Mersedes”in icraçı direktoru bunun əleyhinədir.