Qarabağ növbəti mərhələyə yüksəldi

Qarabağ növbəti mərhələyə yüksəldi

Qarabağ UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

Assist.az  xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Moldova Sherif-ini qəbul edib. Rəqibinə 2:1 hesabı ilə qalib gələn Azərbaycan çempionu III təsnifat mərhələsinə adlayıb.

Matçda hesab 22-ci dəqiqədə açılıb. Xayme Romeroya qarşı kobudluqdan sonra təyin olunan penaltini Uroş Matiç dəqiq yerinə yetirib. 39-cu dəqiqədə qonaqlar meydanda azlıqda qalıblar. Penaltiyə səbəb olan Anatol Abanq birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. İlk hissə Qarabağ-ın minimal hesablı qələbəsi ilə başa çatıb.

İkinci yarıya da hücumlarla başlayan Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 63-cü dəqiqədə 2-ci topu Tiraspol təmsilçisinin qapısından keçirib. Bu dəfə Abdullah Zubirin ideal ötürməsindən sonra qapıçı ilə təkbətək qalan Mahir Emreli fərqlənib. Sherif-in gücü isə yalnız fərqi azaltmağa çatıb. 78-ci dəqiqədə meydana sonradan daxil olan kolumbiyalı hücumçu Frank Kastanyedo qollardan birinin əvəzini çıxıb. Bu, eyni zamanda matçın yekun hesabı olub.

Bu məğlubiyyətdən sonra Çempionlar Liqası ilə vidalaşan Sherif mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.

Ağdamlıların ÇL-in III təsnifat mərhələsindəki rəqibi avqustun 31-dəki püşkatma mərasimində müəyyənləşəcək.