"Kişiliyimizi, xarakterimizi ortaya qoyduq"- Samir Abasov

"Kişiliyimizi, xarakterimizi ortaya qoyduq"- Samir Abasov

“Neftçi”nin baş məşqçisi Samir Abasov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Dinamo” (Tiflis) komandasına qarşı keçirdikləri ilk oyunu şərh edib.

Assist.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı bu gün Tiflisdə baş tutan və 2:1 hesabıyla qalib gəldikləri matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Cütün taleyinin həll olunduğunu demək yalan olar. Bu, hələ ilk oyunun nəticəsidir. Rəqib hər oyuna çempionluq uğrunda çıxdığı halda, biz yalnız yoxlama oyunlarına çıxmışdıq. Yoxlama və rəsmi matçların fərqini gördünüz.

Bu gün biz xarakter hesabına qələbə qazandıq. Kişiliyimizi, xarakterimizi ortaya qoyduq. Futbolçularıma təşəkkür edirəm ki, sonadək dözdülər. Amma ikinci oyunumuz var. Cavab görüşünə ciddi hazırlaşmalıyıq. Doğrudan da ciddi rəqibə tuş gəlmişik. Bakıdakı qarşılaşmaya daha yaxşı hazırlaşmalıyıq.

Yeni futbolçular hələ tam uyğunlaşmayıblar. Bakıda çox şeyi dəyişməliyik. Bu qarşılaşmanın nəticəsi cavab oyununda keçərli olmayacaq. Belə çıxış etməli deyilik. Bu oyunu gərginliklə əlaqələndirmək olar. Çox şeyi dəyişməliyik. Topa daha çox nəzarət etməliyik.

Sezar Meza Kollinin nə dərəcədə keyfiyyətli futbolçu olduğunu siz daha yaxşı bilirsiniz. İnanıram ki, tezliklə istənilən oyunu sərgiləyəcək.

İlk yarıdan sonra bəzi futbolçulara daha diqqətli oynamalarını tapşırdım. Bəzən müdafiədə yox, daha irəlidə oynayan futbolçularda xaos var idi, boş yerləri düz bağlamırdılar. Bəzi mövqelərimizdə, xüsusən, müdafiədə rəqabətsizlik mövcuddur. Voyislav Stankoviç zədələnəndə ayağını, biz isə başımızı tutduq. Amma Namiq Ələsgərovun performansı bizi sevindirir. Hər qol vurduqca özünə inamı artır. Bütün komanda üzərinə düşənin öhdəsindən gəlməyə çalışır. Amma yenə deyirəm, biz çox şeyi dəyişməli, güclənməliyik. Ancaq bunlar bu günün işi deyil.

“Dinamo”nun futbolçularının nəyə qadir olduqlarını bilirdik. Rəqib irəli daha güclü açıldıqda biz sürətli əks-hücumlar hesabına qollar vura bilərdik. Bunlar transferlərin azlığı ilə əlaqədardır. Mən sizə hansı oyunçularla adbaad danışdığımızı deyə bilərəm. Amma onlarla danışıqlar müsbət nəticələnmədi. Gəlin, bu barədə burada danışmayaq, Vətənimizdə söhbət edərik.

Bu oyundan sonra çox şeyləri dəyişməliyik. Siz məndə gərginlik görmüsünüzsə, elə düşünün ki, bu qələbədən sonra gərginliyim ikiqat artıb. Çempion heyət də qalsaydı, eyni əziyyəti çəkəcəkdik. Doğrudan da, rəqib təqdirəlayiqdir”.